4-08-2025, 08:25
Gündəm/Mədəniyyət

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // III hissə

Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // III hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim. )

ÜÇÜNCÜ HİSSƏ

Hissə: 12
Xalidə Hicranın həyata, təbiətə, gerçək hadisələrə səmimi və obyektiv münasibəti, yaradıcılığı üçün böyük fəlsəfi mahiyyət daşıyan idraki təxəyyülü onun istimai mövqeyini , vətəndaşliq duyğularını, insana olan hədsiz sevgi və məhəbbətini səciyyələndirir.Bütün yaradıcılığı boyu mənəvi- əxlaqi dəyərləri üstün tütan Xalidə Hicran zəngin ədəbi- bədii nümunələr yaratmaqla poetik- fəlsəfi axtarışlarının uğurlu nəticəsi olaraq oxucularının sevimlisinə çevrilir. Nəsihətli deyimləri, fikirləri ilə insanlarda milli kökə qayıdış və bağlılıq, insani və bəşəri dəyərlərin həmişə, hər zaman hər şeydən üstün tutulması oxucu idrakına təsir etməklə formalaşdırılması şairin əsas yaradıcılıq xüsusiyyətlərindən və məziyyətlərindən biridir. Xalidə Hicranın poetik dünyasına nüfuz etdikcə çox aydın şəkildə hiss olunur ki, burda məni olan bir insan obrazi yaradilir. Bu insan bütün bəşəri dəyərləri özündə əks etdirən elə ideal bir orazdır ki, oxucu onun daxilinə, mənəvi dünyasına nüfuz etdikcə formalaşıb ona bənzəməyə çalışır. Bu Xalidə xanımım yaradıcılıq arzularindan qaynaqlanan, bir müəllif kimi onun istək və arzularından yaranan xəyalı, lakin reallığı həyatda mümkün olan kamil bir insan obrazidir. Xalidə xanım bütün yaradıcılığı boyu məhz bunu arzulayir və bütün insanlarda bu dəyərləri və keyfiyyətləri görmək istəyir.

Güldən, çiçəkdən, dağdan, meşədən, bir sözlə, təbiətdən də yazmaq lazımdır. Ancaq bunun öz şairi var. Xalidə xanımı isə bununla yanaşı bu əsrarəngiz gözəlliklərdən ilham almağı bacaran , təbiətin sirlərini dərk etmək gücündə olan insan maraqlandırır- kamil insan...Şairin insan amilini, insani dəyərləri üzə çıxarmaq və aşikar etmək arzusu, insan üçün vacib olan ümumbəşəri ideyaları formalaşdırmaq istəyi, insan və vətəndaşlıq qayəsi xalqına, torpağına bağlı olan, bütün varlığı ilə vətənini sevən insanları çox düşündürür, onlarda şairə qarşı böyük sevgi və məhəbbət hissləri yaradır. Məşhur Bekonun bir fikri burda öz yerini alır: “Elə kitablar var ki, onlarin ancaq dadına baxmaq, elələri də var ki, onları ən azı su kimi içmək lazımdır, bir parçasını çeynəyib həzm etməyə dəyər, nəhayət, bir parçasını isə başdan ayağa, həm də diqqətlə oxumaq lazımdır”.

Klassik şeir ənənələrinə sadiq qalan Xalidə xanım şeirlərini hansı şəkildə yazmasından asılı olmayaraq insani dəyərlər, mənəvi təmizlik, vətənə məhəbbət və digər ali dəyərlər həmişə ön plana çəkilmiş və yüksək dərəcədə səciyyələndirilmişdir. Böyük vətən sevgisi ilə, el - obaya, torpağa, o torpağı əkib- becərən insanlara sonsuz məhəbbətlə yazılan hər bir şeirdə, qəzəl və məsnəvilərdə, bayatılarda qəlb ağrısı, ürəyi didib parçalayan kədər, qəm- qüssə, əzab və iztirab bir şair qəlbinin yanğısı, harayı, onun vətən sevgisinin təzahürüdür.

Xalidə xanımın mövzu dairəsi olduqca geniş, yazı manerası, sözün deyiliş tərzi, hadisələrə münasibəti çox maraqlı, poetik axtarışlari isə olduqca zəngindir. Siyasətdən uzaq olan Xalidə Hicran, özünün dediyi kimi, “ Mən siyasəti sevmirəm, çünki onun bir üzü yoxdur “, amma ölkədə və dünyada baş verən hadisələrdən əziyyət çəkən, iqtisadi və mənəvi aşınmalara məruz qalan insanların taleyi həmişə onu maraqlandırmış və önəmli mövzulardan birinə çvrilmişdir. Bu cür ağrili və həssas mövzuları qələmə alarkən Xalidə xanım müdrik deyimləri, nəsihətləri, ağıllı məsləhətləriilə onlari səbrli, dözümlü olmağa, emosiyalara, kənar fitnə - fəsatlara uymamağa, yalnız ağlın hökmü ilə hərəkət etməyə səsləyir. Bu zaman onun özü də əziyyət çəkir, ağrıyır, bir müəllif oıaraq seyrçi mövqedə dura bilmir, bu ağrıları öz canında, öz qəlbində və öz ruhunda hiss edir. Şair İsgəndər Etibar yazir : “Şair birinci növbədə insan yanğısı, məhəbbət, bəşər, dünya narahatlığıdır. Yaradıcılıqda bunlar yoxsa, şair də, şeir də yoxdur. Hər şeir şair ömrünün həmin şeirlərin yarandığı anın əhval – ruhiyyəsi, o anlarin misralara şevrilməsidir.” Həqiqətən də “Hikmət xazinasi” ni səhifələdikcə narahat şair qəlbindən süzülüb gələn bu fikirlərin canlı şahidinə çevrilirsən.

Xalidə xanım seyrçi mövqedə duran, gördüklərini, duyduqlarını yalnız qələmə almaqla kifayətlənən, hadisələrə biganə qalan şairlərdən deyil. Köksündə planet sökülən narahat qəlbli elə bir şairdir ki, zahirdə səbrli, təmkinli görünsə də, içində ağlayan, sızlayan şairdir. Ağlamaq, sızlamaq şair üçün zəiflik yox, içi, əxlaqı, mənəviyyatı, huissi, duyğusu olan, zərifliyin, incəliyin, sevginin, məhəbbətin fövqündə dayanan və Füzuli dərdinin yüksəkliyinə ucalan şairdir. Bu yanğı, bu sevgi, bu istək onun hər şeirində hiss olunur.

Burda bir haşiyəyə çıxmaq istəyirəm. Bir dəfə sevimli şairimiz Məmməd Arazla “Azərbaycan” nəşriyyatında görüşdük. Çoxdan idi onu görmürdüm. Hal - əhvaldan sonra dedi ki, gedək mənim otağıma bir stəkan çay içək, söhbət edek. Həmin günə qədər bizi otuz beş illik bir tarix birləşdirirdi. Və biz tez- tez olmasa da hərdən gorüşüb dərdləşirdik. Son illər xəstə olduğundan işə gec-gec gəlirdi. Həmin günü söhbətimizin sonunda Məmməd müəllim bir neçə şeir oxudu. Yaman gövrəlmişdi, gözləri dolmuşdu. Mən onu heç vaxt belə gorməmişdim. Axırda özümü saxlaya bilməyib dedim ki, Məmməd müəllim, bəlkə oxumayasınız, başqa vaxtda qalsın. O, zorla gülümsünüb dedi: “Nizami, sən ki, məni yaxşı taniyirsan. Şair ağlaya bilmədisə, O, şair deyil. O yanğı sənin içindən, ruhundan, canından, qəlbindən gəlməlidir”.

Xalidə xanimin yaradıcılığı ilə yaxından tanış olduqdan sonra Məmməd Arazın dediyi o sözıər həmişə beynimdə səslənir. Və mən grtdikcə bir daha onu özüm üçün yəqin edirəm ki, qafiyə qoşmaq, şeir yazmaq hələ şair olmaq demək deyil. Alman şairi Hötenin dediyi kimi : “ Nə qədər ki, adam özünün cüzi subyektiv duyumlarını ifadə edir, hələ ona şair demək olmaz “. Xalidə xanımın yazdıqları qəlbindən, ruhundan, canından, beynindən süzülüb gələn sözllərdir ki, böyük ürək ağrısı ilə misralara, şeir və qəzəllərə çevrilib hörmətli oxucularımızın mühakiməsinə verilir. Bu sözlər, fikir və ifadələr adi bir şairin yazdıqları deyil, Xalidə Hicranın yüksək intellekti sayəsində yaranan və həyatı dərkində sistemləşən dərin fikir və düşüncə tərzindən süzülüb gələn hikmətli sözlərdir. O sözlər və deyimlərdir ki, onu oxuyan hər bir kəsin, hər br oxucunun yaxın dostuna və sirdaşına çevrilir, yaddaşına əbədi həkk olunur və ən ağır günlərində köməyinə çatır. Burda bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Xalidə xanımın yaradıcılığı diqqətlə və yaxından tanış olandan sonra istər- istəməz öz- özünə sual verirsən ki, həyatın hər üzünü görən, klassik biliyə və düşüncəyə malik, bu qədər dərin mənalı, fəlsəfi – idrakı şeir və qəzəllər yazan xanım kimdir ? Onun neşə yaşı var ?

Xalidə xanımın həyatı ilə yaxından tanış olduqdan sonra açıq- aydın görürük ki, şeirləri özündən çox- şox böyük olan və təsəvvürümüzdə ahıl bir müəllif obrazı canlandırdığımız xanımın cəmi altmış üç yaşı var. Hələ orta məktəb illərindən klasik və dünya ədəbiyyatı incilərini mənimsəmiş, Insan ağlının və idrakının dahısı ulu Nizamini, insan qəlbinin dühası Füzulini və insan ruhunun tacidarı Nəsimini dərindən öyrənmiş və əxz etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri Ağrı dağının ətəyində, ilan kimi qıvrıla- qıvrıla axan, həzin zümzüməli Arpaçayının sahillərində keçmişdir. Rəsamlıq Məktəbini və İncəsənət Universitetinin rəngkarlıq fakültəsini bitirmişdir. Rəsm əsərləri Azərbaycanda, keçmiş Sovetıər məkanında ve bir sıra xarici ölkələrdə sərgilənmişdir. Otuz ilə yaxındır ki, xarici ölkələrdə, hazırda isə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yaşayır. Azərbaycanın tanınmış rəssamlarından biridir. Bir çox əsərləri dövlət muzeylərində muhafizə olunur və nümayiş etdirilir. Bir neçə xarici dil bilir.

Xalidə xanımın həyatı ilə yaxından tanış olduqca sıradan bir şair olduğu düşüncəsindən uzaqlaşır və ona heyrət edirik ki, bu qədər yüksək biliyə və mədəniyyətə sahib olan, yaşadığı və işlədiyi xarici ölkələrdə öz dilində danışan, müasir və dəbdəbəli bir ömür yaşayan modern düşüncəli bir xanım milli- mənəvi dəyərlərimizə, xalqımıza, millətimizə, vətənimizə bu qədər vurğunluq , bu qədər sevgi və məhəbbət hardandır? Adətən insanlar öz maddii rifahını, həyat şəraitini yüksəltmək, böyük var- dövlətə, şan – şöhrətə sahib olmaq uğrunda mübarizə aparır və həyatı boyu yalnız bu məqsədə qulluq edirlər. Mən insan tanıyıram ki, bir az şan- şöhrətə çatan kimi yolunu azır, eqoizm xəstıliyinə tutulur, bütün dəyərlərin üstündən xət çəkərək özünü cəmiyyətdən üstün tutur və illərlə tanıdığı insanlardan belə üz çevirir. Təvazökarlıqdan uzaq olsa da yeri gəlmişkən deym ki, mən Moskvada, şimali Afrikada və bir sıra ərəb ölkələrində olmuşam, amma qeyd etdiyim belə insanlara rast gəlməmişəm. Təəssüf ki, belə hallar yalnız bizdə mövcutdur və bunun hardan yarandığı məni çox düşündürür. Mövzudan kənara çıxsam da qeyd etməyi özümə borc bilirəm ki, uzun araşdırmalardan sonra belə nəticıyə gəldim ki, bütün bu bəlalar başbilənlərimizin, söz və qərar sahibi olanlarımızın bu xislətdə olmasından, öz şəxsi maraqlarımı dövlət və milli maraqlardan üstün tutmasından qaynaqlanır. Düşünürəm ki, əgər yaxın və uzaq tariximizə nəzər salsaq bunun əminliyinə heç bir şübhəmiz qalmaz. Təbii ki, bizim məqsədimiz burda tarixi araşdırmaq, nəyisə sübut etmək deyil. Sadəcə Xalidə xanımın böyük dəyərlər sahibi olduğunu, yerindən, məkanından, zamanından asılı olmayaraq milli- mənəvi dəyərlərimizi, vətən, millət sevgisini hər şeydən, hətta, öz şəxsi həyatından üstün tutduğunu hörmətli oxucularımızın diqqətinə çatdırmaqdır.

Mən burda çox ciddi bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu da yazıçı şəxsiyyəti ilə yaradıcılığı arasında olan müqayisə və bu müqayisadəki aşikar uyğunsuzluqdur. Bəzi insanların sözü ilə əməli düz gəlmədiyi kimi , şəxsiyyəti, xarakteri, xasiyyətiilə yaradıcılığı - əsərləri arasında uyğunsuzluq yaranan , bir- birini inkar edən yazıçı və şairlərimiz də var. Lakin mən böyük inam və məsuliyyətimlə deyə bilərəm ki, Xalidə Hicran poeziysından bəhrələnənlər onu özünə sədaqətli bir dost, etibarlı bir sirdaş və məsləhətçi kimi qəbul edənlər heç vaxt yanılmazıar. Onun günəş kimi parıaq , işıqlı, nurlu, hərarətli və sevgi dolu şeir və qəzəlləri insanlarda xoş ovqat yaradan, onların qəlbini riqqətə gətirən, düşündürən, duyğulandıran və ruhu rahatlıq verən poetik nümunələrdir. Bu ədəbi nümunələr yuxarıda qeyd etdiyimiz kimi, sözü ilə əməli düz gəlməyən, quru, qeyri səmimi bir müəllifin deyil, bütün varlığı ilə insanları sevən və onlara şəxsiyyət kimi yanaşan , böyük və dərin məhəbbət bəsləyən mütəfəkkir bir şairin səmimi ürək sözləridir. Ta qədim zamanlardan insanlar kimin nə dediyinin, necə dediyinin fərqində olubıar. Aqillərin, böyük söz, sənət ustalarinin hikmətli sözləri, müdrik deyimləri bu gün də sevilə- sevilə oxunur. Xalidə Hicran yaradıcılığının fəlsəfəsi , onun ictimai mahiyyəti dövrün, zamanın yaratdığı , doğurduğu sosial- psixoloji mühitin, şəraitin insanlara göstərdiyi təsirin səciyyəsindədir.

Xalidə Hicran şeirlərində elə məsələlərə toxunur və onu bədii təsir vasitələri ilə oxuculara elə şəkildə çatdırır ki, tarix kitablarına müraciət etmədən də həmin dövr hqqında müəyyən bilgilərə yiyələnmək mümkün olur. Əgər bu, bir tərəfdən şairin istedadının, təfkkürünün, bədii və elmi dünyagörüşünün məhsuludursa desək, digər tərəfdən iddia edəcəyik ki, bu həm də bir şair qəlbinin narahatlığının, onun xalqına olan sonsuz məhəbbətinin təzahürü və inikasıdır. Hər bir misradan, sətrdən, beytdən bu sevgini açıq- açikar hiss edir və hətta bəzi misralardan onun qəlbinin döyüntülərini və ağrılarini duyuruq. Böyük tacik – fars şairi Əbdürrəhman Cami yazir ki, “əgər şairin şeirleri oxucunun qəlbini gülüstana çevirmirsə, onu dağ başından endirib güllü- çiçəkli çəmənliyə gətirmirsə, deməli, o,hələ şair deyil.”

Xalidə xanımım yaradıcılığı o qədər geniş və əhatəlidir ki, burda hər bir oxucunun səviyyəsindən asılı olaraq öz payı var.Və Xalidə xanim bu payları bərabərlik, düzgünlük və hqaqq-ədalət prinsiplərinə əsaslanaraq elə şəkildə bölür ki, dünya haqqında, varlıq və tabiət haqqında bilgi almaq istəyən oxucular da narazı qalmasın. Çünki Xalidə Hicran həm də fəlsəfi şairdir. O, adi məntiqə, əsrarəngiz gözəlliklərə, hadisələrin bədii təsvirinə əsaslanaraq prinsiplərindən bəzən uzaqlaşaraq insanları düşündürən eıə məsələlərə toxunur ki, bu sahə ilə maraqlanan oxucular hətta böyük və müdrik filosof Konfutsinin hesab etdiyi “...dünyanin yalnız lazımsız hissəsi insana açıla bilər “ fikri ətrafında düşüncələrə dalır. Xalidə xanım hesab edir ki, Allahın iradəsindən və gücündən, onun iznindən kənarda – həyatda və dünyada heç nə mövcud olmadığı kimi, insan ağlının, insan dərkinin həddi – hüdudu da ona verildiyi qədərdir ki, bəşər tarixinin yaranışından bu günə qədər insanların əldə etdiyi nailiyyətlər verildiyi qədərdən artıq deyildir. Xalidə xanım öz şeirlərində çox incəliklə anladır ki, insan ağlı, insan təfəkkürü yalnız Yer kürəsinin onlara ayrılmış hissəsini idarə etmək gücünə qadirdir. Şair sonra da təəssüflə qeyd edir ki, insanıar dünyanı cənnətə çevirmək əvəzinə qan çanağına döndərirlər. Bu Yer kürəsi butun insanların evıdır, müəyyən ali irqlərin və qüvvələrin yox... Çünki Cənab Allah fizioloji və bioloji cəhətdən hamını eyni cür yaradıb və onlarin hüquq və haqları da eynidir.


Oxşar xəbərlər