Quba şəhərində abadlıq işləri davam etdirilir – Cəfər Cabbarlı küçəsində asfaltlama işlərinə start verildi
Kanal14.az xəbər verir ki, Quba şəhərində abadlıq və infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində növbəti işlər şəhərin ən iri və nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdən biri olan Cəfər Cabbarlı küçəsini əhatə edəcək.
Hazırda ərazidə asfaltlanma öncəsi hazırlıq işləri görülür. Mövcud yol örtüyünün tamamilə yenilənməsi planlaşdırılır. Eyni zamanda, səkilərdə bardürlərin quraşdırılması, piyadalar üçün təhlükəsiz və komfortlu hərəkət mühitinin yaradılması nəzərdə tutulur.
Layihənin məqsədi yalnız nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək deyil, eyni zamanda küçənin ümumi görkəmini müasirləşdirmək və şəhərin estetik görüntüsünə töhfə verməkdir. İşlərin yekunlaşmasından sonra Cəfər Cabbarlı küçəsinin yol infrastrukturu daha dayanıqlı və funksional olacaq, nəqliyyatın hərəkəti xeyli dərəcədə asanlaşacaq.
Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yaxın günlərdə şəhərin digər küçələrində də təmir və abadlıq işlərinə başlanılması nəzərdə tutulur.