İcra Hakimiyyətinin biganəliyi Sərkərli-Şıxhaput körpüsünü ölü zonaya çevirib
İcra Hakimiyyətinin biganəliyi Sərkərli-Şıxhaput körpüsünü ölü zonaya çevirib
Sakinlərin "DoğruXeber.az"a verdiyi məlumata görə, ölkə ərazisinə yağan sonuncu leysan yağışlarının yaratdığı güclü daşqın nəticəsində adıçəkilən kəndləri birləşdirən bu mühüm keçid tamamilə çöküb. Hər iki kəndin əhalisi hazırda ciddi çətinlik içində yaşayır.
Qeyd edək ki, bu körpü təkcə gündəlik nəqliyyat və əlaqə vasitəsi deyil, eyni zamanda təcili tibbi yardıma çıxış, məktəblilərin hərəkəti və kənd təsərrüfatı işləri baxımından da həyati əhəmiyyət daşıyır. Lakin sakinlər bildirirlər ki, körpünün uçmasından aylar keçməsinə baxmayaraq, bu günə qədər nə körpünün bərpası üçün tədbir görülüb, nə də əraziyə təhlükəsizlik lentləri və ya xəbərdaredici nişanlar yerləşdirilib.
Əhali bu məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də, nəticə yoxdur. Hətta qəzalı vəziyyətdə olan keçidin ətrafında uşaqların və yaşlı insanların hərəkət etməsi ölüm təhlükəsi ilə nəticələnə bilər. Körpünün olmaması səbəbindən insanlar ya çayı piyada keçməli olur, ya da daha uzun alternativ yollarla hərəkət etmək məcburiyyətində qalırlar. Bu isə sadə bir texniki problemin artıq sosial fəlakət həddinə çatdığını göstərir.
Xaçmaz rayonunun ümumi mənzərəsi də bu körpünün aqibətindən heç də fərqli deyil. Sakinlərin sözlərinə görə, rayon rəhbərliyi sosial məsələlərə və əhalinin problemlərinə laqeyd yanaşır. İcra başçısı Elnur Rzayevin fəaliyyəti haqqında yayılan məlumatlar isə ciddi narahatlıq doğurur. Onun idarəçiliyi dövründə rayonda sosial rifah və infrastruktur sahələrində nəzərəçarpacaq irəliləyişlər əvəzinə, şəxsi maraqlara xidmət edən davranışlar daha çox diqqət çəkir.
Rayonda şəhid ailələri və qazilərə münasibət isə birmənalı şəkildə qınaq obyektinə çevrilib. Belə ki, Hacəlibəy kəndində yerləşən şəhid abidəsinin baxımsız vəziyyətdə qalması, eləcə də Aslanoba kənd sakini, şəhid anası Əfilə Qocayevanın qəzalı vəziyyətdə olan ev şəraiti bu iddiaların real olduğunu sübut edir. Ananın dəfələrlə etdiyi müraciətlər, çıxışlar və səsinə səs verilməməsi, nə icra başçısı Elnur Rzayevin, nə də rayon rəhbərliyinin bu ailə ilə maraqlanmaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Sakinlər qeyd edir ki, şəhid ailələrinə göstərilən bu münasibət Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “şəhid ailələri və qazilər dövlətin xüsusi diqqətində olmalıdır” prinsipinə tamamilə ziddir. Bütün bunlar isə region rəhbərliyinin bu prinsipləri yerinə yetirmək əvəzinə, şəxsi maraqlarla hərəkət etdiyini göstərir.
İddialara görə, Elnur Rzayevin arxasında duran güclü şəxslər – xüsusilə də Ali Məhkəmə sədri İnam Kərimov – onun bu qədər sərbəst hərəkət etməsinə zəmin yaradır. Bu səbəbdən də vətəndaşlara qarşı laqeydlik, cavabsız müraciətlər və icra başçısının “toxunulmazlıq” görüntüsü regionun siyasi və sosial həyatında inamsızlıq yaratmaqdadır.
"DoğruXeber.az" olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti orqanlardan rəsmi mövqe gözləyirik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az



