28-06-2025, 14:34
Gündəm/Cəmiyyət/Sosial/Video

“Səssiz başçı, səsli problemlər” – Xaçmazda Elnur Rzayev modeli

“Səssiz başçı, səsli problemlər” – Xaçmazda Elnur Rzayev modeli
"DogruXeber.az" yazır: şəkillərdə görünən Xaçmazla, yaşayan Xaçmaz arasında uçurum var

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev haqqında internetdə axtarış versəniz, elə bil elə bir rayon idarə olunur ki, burada narazı vətəndaş yoxdur, yazılacaq bir dərd, göstəriləcək bir problem tapılmır. Qarşınıza çıxanlar ya təyinat xəbəri, ya da bir neçə vətəndaşın qatıldığı, əvvəlcədən ssenarisi yazılmış “səyyar görüşlər”dən şəkillərdir.

Amma görüntü ilə reallıq arasındakı fərq Xaçmazda artıq gözlə yox, səslə, fəryadla, ümidsizliklə ölçülür. "DogruXeber.az" olaraq, bu rayonda baş verənləri yalnız lentə almaqla kifayətlənmədik – bir-bir araşdırdıq, danışdıq, dinlədik və indi danışırıq. Çünki görüntülərlə gözdən pərdə asmaq olar, amma həqiqətləri ört-basdır etmək olmur.

Xaçmaz sakini Şaiq Şükürov illər əvvəl qanuni şəkildə həyətyanı torpaq sahəsi alıb. Amma bu sahəyə gedib-gələ bilmək üçün yolu yoxdur. Yol problemi üzündən həm qonşu ilə, həm də yerli bələdiyyə ilə mübahisə və dava içindədir. Əslində problem sadədir: bir vətəndaş öz torpağına yol istəyir. Amma bu istək Rzayevin rəhbərlik etdiyi rayon üçün çox mürəkkəb görünür. Çünki orada şəxsi münasibətlər, qohumbazlıq və ya “hörmət məsələləri” olmasa, problemlər çözülmür, sadəcə “baxarıq” deyilib ötürülür.

İbrahim Nəcəfov isə Xaçmazda fəaliyyət göstərən sahibkarlardandır. Özünə məxsus torpaq sahəsində qanuni olaraq iaşə obyekti tikir. Amma obyektin tikintisi Xaçmaz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən yarımçıq saxlanılıb. Nəcəfovun özünün DogruXeber.az-a verdiyi açıqlamaya görə, şöbənin müdiri Kamil Gəncəliyev ondan tikintiyə davam etməsi üçün əvvəlcə 15 min manat rüşvət istəyib. İbrahim bu məbləğə razılaşmadıqda isə məmurla aralarında adını da dəyişməyə ehtiyac olmayan bir “bazarlıq” başlayıb. Qiymət əvvəl 10 minə düşür, sonra “axır qiymət” olaraq 7 min manat təklif olunur. Belə çıxır ki, bu rayonda tikintiyə davam etmək üçün layihə yox, pul təqdim edilməlidir. Və bu pulun miqdarı da bazarlıq yolu ilə müəyyən olunur.



Amma bütün bunlardan da sarsıdıcı bir fakt var – Əfilə Qocayeva. Bu qadın təkcə bir şəhid anası deyil, həm də Xaçmazda 32 ildir qapısı açılmayan bir həyatın simvoludur. Hər dəfə müraciət etdikcə, “sənin adını mənzil üçün qeydiyyata alırıq” deyilib. Amma 30 ildən çox keçməsinə baxmayaraq, bu sözlər sadəcə aldadıcı cümlələr kimi havada qalıb. Əfilə xanım deyir: “Deyirəm, axı neçə dəfə qeydiyyata alırsınız? Cavab verirlər ki, əvvəlki işçilər artıq burda işləmir, sənədlər itib”. Hər dəfə eyni cavab, eyni vədə, eyni yalan.

Ən dəhşətlisi odur ki, şəhid balasının məzarı qəbiristanlıqda bir beton parçası ilə işarələnib. Normal məzar daşı belə düzəldilməyib. Bu qadın deyir ki, Elnur Rzayevin qəbulunda da olmuşam, dəfələrlə üzünü görmüşəm, dərdimi demişəm. Hər dəfə “baxarıq” deyə yola veriblər. Qadın bu problemini həm yazılı, həm şifahi, həm də ictimai formada çatdırsa da, sanki şəkil çəkdirib Facebook-da paylaşmaqla məşğul olan rəhbərlik üçün real şəhid anasının dərdi görünməzdir.

Əfilə Qocayevanın məsələsini "DogruXeber.az"ın rəhbəri Kamal Əsgərov şəxsi olaraq da qaldırıb. Redaksiyamız adından Xaçmaz Rayon İcra Hakimiyyətinə rəsmi sorğular göndərilib, lakin heç bir cavab verilməyib. Daha sonra Kamal Əsgərov məsələ ilə bağlı icra başçısının müavini Anar Oruclu ilə telefon əlaqəsi saxlayıb və bu susqunluğun səbəbini soruşub. Anar Oruclu deyib ki, “bizə heç bir sorğu daxil olmayıb”. Ardınca sorğular ona şəxsən WhatsApp vasitəsilə göndərilib və Oruclu “araşdırıb cavab verəcəyik” deyib. Nəticə? Yenə sükut...

Bütün bu problemlərin fonunda Elnur Rzayevin həyat tərzi isə tam əks bir dünyadır. İcra başçısı təyin olunan kimi – təzə kreslosunun “səsini eşidən” kimi – yarım milyon manatlıq lüks avtomobil alıb. Amma maşını öz adına yox, qaynatasının adına rəsmiləşdirib. Dövlət qulluqçusunun qohum adına avtomobil yazdırması nə qədər qanunidirsə, bir o qədər də sual doğurucudur. Görünür, başçı kreslosunda oturmaq kifayət edib ki, komfort məsələsi birdəfəlik həll edilsin.

Çox güman ki, bu avtomobilin içindən Xudatın su problemi də, Şaiq Şükürovun yolsuz torpağı da, Əfilə Qocayevanın məzarsız şəhid balası da görünmür. Çünki bu problemlər şəkil çəkiləsi pozada deyil. Onlar kameraya yox, vicdana səslənir.

"DogruXeber.az" olaraq, biz bu rayonun “pozlu şəkillərlə” yox, pozulmuş haqları ilə dolu reallığını təqdim edirik. Çünki Xaçmazda yaşayanlar üçün Elnur Rzayev artıq bir rəhbər yox, bir səssizlik rəmzidir. O danışmır, dinləmir, amma xalq – suyu olmayan, yolu olmayan, haqqı olmayan xalq – danışmağa davam edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO



Oxşar xəbərlər