20-06-2025, 17:00
Gündəm/Cəmiyyət/Sosial

“Yas yeməklərinə son” – Samuxdan sonra Biləsuvarda da yeni qərar

“Yas yeməklərinə son” – Samuxdan sonra Biləsuvarda da yeni qərar
"Kanal14.az" xəbər verir ki, bir müddət əvvəl Samux rayonunda başlayan və cəmiyyətdə rəğbətlə qarşılanan yas məclislərində yemək verilməsinə son qoyulması təşəbbüsü artıq Biləsuvar rayonunda da tətbiq olunmağa başlanıb.

Rayon ağsaqqallarının qərarı ilə rayon ərazisində yas mərasimlərində kütləvi yemək verilməsi, qonaqlıqlar təşkil olunması qadağan edilib.

Bu qərarın verilməsi yalnız dini-mənəvi səbəblərlə deyil, sosial ədalət, maddi yükün azaldılması və ailələr arasındakı bərabərliyin qorunması baxımından da önəmlidir. Bilinir ki, son illər yas mərasimləri bir çox hallarda ailələr üçün ağır maddi yükə çevrilmiş, eyni zamanda yarışa çevrilmiş təmtəraqlı yas süfrələri ciddi narahatlıq doğurmuşdu.

Cəmiyyətin əksər nümayəndələri bu cür təşəbbüsləri müsbət dəyişiklik kimi qiymətləndirir. Axı yas – təmtəraq deyil, təmkin, yemək deyil, dua və xatirədir.

"Yas mərasimi ağrı, yoxsullar üçün isə yük olmamalıdır"

"DogruXeber.az"a danışan bir sıra vətəndaşlar qeyd ediblər ki, belə addımlar daha əvvəl də atılmalı idi:

Qardaş, kimsə ailə üzvünü itirir, amma ertəsi gün başlayır: 100 nəfərlik plov, çay, limon, salat... Bu nə deməkdir axı? Əslində bu, insanın dərdini yaşamağa imkan vermir. Sanki bir toy tədbiri hazırlanır.” – deyə vətəndaş qeyd edib.

Yerli sakinlər də qərarı dəstəkləyərək bildiriblər ki, İslam dinində yas mərasimində təmtəraq və israf qətiyyən tövsiyə olunmur. Əksinə, ailəyə başsağlığı vermək, dua etmək, dərdini bölüşmək əsasdır.

Bu təşəbbüs digər rayonlara da keçəcəkmi?

Samux və Biləsuvar kimi rayonlarda bu cür sosial çağırışların rəsmi şəkildə həyata keçirilməsi daha geniş miqyasda tətbiq olunması üçün nümunə ola bilər. Cəmiyyətin ağrısını alçaldan deyil, paylaşan yanaşmaların təşviqi müasir Azərbaycan cəmiyyətinin mədəni təkamülündə vacib mərhələdir.

"DogruXeber.az" olaraq hesab edirik ki, yas mərasimlərində israfçılığın qarşısını almaq, mərhumun xatirəsini daha mənəvi dəyərlərlə yad etmək həm də xalqımızın ənənəvi ailə institutunun qorunmasına xidmət edir.



Oxşar xəbərlər