"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...
Belə bir el məsəli var, "gələn gedənin atasına rəhmət oxutdurur".
Çox təəssüflər olsun ki, bu misal çarəsiz xalqın dilindən əsasən məmurların barəsində səslənir.
Korrupsiyaya bulaşmış və yığdığı rüşvət hesabına özünü "böyük adam", "yenilməz qüvvə" zənn edən məmurlar xalqı o, qədər incidirlər, haqqlarını mənimsəyirlər ki, xalq narazılıq yaradan məmurun tutduğu və layiq olmadığı o, vəzifədən azad edilməsi üçün aidiyyatı olan-olmayan hər yerə şikayətlər edir. Elə ki, həmin məmur vəzifədən uzaqlaşdırılır, narazı insanlar daha hər şeyin yaxşı olacağı ümidiylə dərindən nəfəs alırlar.
Amma, çox zaman bu gözləntilər özünü doğrultmur...
Yeri gəlmişkən, tutduğu vəzifədən yalnız öz maraqları və qohum-əqrəbasına xidmət etmək üçün sui-istifadə edən, korrupsiya bataqlığında boğazına qədər batmış, insanların haqqların göz görə-görə əllərindən alan məmurlardan biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov idi. O, Əli Həsənov ki, minlərlə məcburi köçkünlər köhnə, şəraitsiz yataqxanalarda, zirzəmilərdə yaşadığı halda, onun komandası məcburi köçkünlər üçün tikilən mənzilləri satır, kirayə verir, hətta deyilənlərə görə yaxın ətrafına hədiyyə edirdi. Haqqı olan insanlar isə dövlətin onlar üçün inşa etdirdiyi haqqları olan mənzilləri almaq üçün ya müəyyən məbləğdə pul ödəmək məcburiyyətində qalırdılar, ya da illərlə gözləmək.
Nəhayət, 2018-ci ilin ikinci yarısında xalq, xüsusilə də xalqın 1 milyonluq köçkünü arzuladıqları xəbəri eşitdilər. Ölkə başçısının müvafiq sərəncamı ilə Əli Həsənov tutduğu vəzifədən azad olundu və onun yerinə Rövşən Rzayev təyin olundu. Amma, bu dəfə yuxarıda çəkdiyimiz misalın tam əksi olduğunu əhali adına şükr edərək deyə bilərik.
Öz korrupsioner əməlləri ilə onsuzda müsibətlər yaşamış məcburi köçkünlərə ömürlərinin ikinci qışını yaşadan, illər boyu yalnız özünün və yaxınlarının maraqlarına xidmət edən Əli Həsənovun rəhbərlik etdiyi sahədə yaratdığı problemlərin həlli üçün təbii ki, hələ çox uzun vaxt lazım olduğunu düşünsək də, Rövşən Rzayev bu görəvi üzərinə alan kimi dərhal hərəkətə keçdi.
O, ilk növbədə kadr dəyişiklikləri apararaq, əli rüşvətə alışmış köhnə kadrları layiq olmadıqları vəzifələrdən uzaqlaşdırdı. Sədr müavinlərindən birini dərhal işdən azad etdi, onun yerinə gənc və perspektivli bir kadr təyin etdi. Komitəyə yeni aparat rəhbəri təyin olundu. Amma , qeyd edək ki, komitədə bunlardan əlavə geniş kadr dəyişikliyi aparılmadı. Çünki, yalnız əvvəlki sədrin dövründə öz işində ciddi qüsurlara yol verən şəxslər işdən çıxarıldı.
Bugünə qədər də məcburi köçkünlərlə tez-tez görüşlər keçirən Rövşən Rzayev qısa zamanda ümumi işləri sahmana salmağa qismən nail oldu. O, özü mütəmadi olaraq məcburi köçkünlərin məskunlaşdığı yerlərə gedib, onların problemləri, təklifləri ilə şəxsən tanış olur, aradan qaldırılması üçün müvafiq tədbirlər görür, yaxud aidiyyatı üzrə tapşırıqlar verir. Beləcə getdikcə yaxın keçmişin, yəni "Əli Həsənov yaralarının" yavaş-yavaş sağalmasına səbəbkar oldu.
Növbəti addımda isə köçkünlər arasında işsizlik problemlərinin həlli istiqamətində uğurlu fəaliyyət göstərən sədr, yeni açılmış iş yerlərində məhz əksər məcburi köçkünlərin işlə təmin olunmasına kömək etdi.
"DogruXeber.az" xatırladır ki, hətta Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə Sumqayıt və "Qobu Park”da bir neçə əmək yarmarkası keçirdilər. Keçirilən əmək yarmarkasından yararlananlar isə məhz məcburi köçkünlər oldu ki, yarmarkanın keçirilməsinin məqsədi də elə bu idi.
Dövlət Proqramına uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər həyata keçirildi, onların yeni evlərə köçürülməsi prosesi əvvəlkindən fərqli olaraq, bu dəfə tamamilə şəffaf şəkildə aparıldı. İlkin mərhələ, ağır şəraitdə yaşayan məcburi köçkünləri - FHN tərəfindən qəzalı vəziyyətdə olduğu müəyyən edilən yataqxanalardan, məktəblərdən, pansionatlardan köçürmək oldu.
Hətta, bunun üçün aparat rəhbərinin başçılıq etdiyi xüsusi komissiya yaradıldı və bu komissiya məcburi köçkünləri dəvət edir, yeni evlərdə mənzil və mərtəbələr püşkatma yolu ilə müəyyənləşdirilirdi. Prosesin şəffaflığı üçün bu işə ölkə ictimaiyyəti də cəlb olundu. Hər kəs ona düşən mənzili özü seçdi.
Otaqların sayına görə bölgüyə gəldikdə isə, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənməyə başladı. Yəni, artıq ailə tərkibi bir nəfər olduqda bir otaq, iki-üç nəfər olduqda - iki otaq, dörd-beş nəfər olduqda - üç otaq, altı nəfər və daha çox olduqda dörd otaq verilir. Bir sözlə, mənzillərin verilməsində şəffaflıq və ədalətlilik Nazirlər Kabinetinin qərarı, Rövşən Rzayevin təşəbbüsü ilə yeni yaradılmış komissiyanın fəaliyyəti və püşkatma prosedurunun tətbiqi ilə təmin olunur.
Onu da vurğulayaq ki, bütün bu şəffaflıq Rövşən Rzayevin özü ilə bərabər onun vəzifəyə təyin etdiyi təcrübəli, bacarıqlı kadrlardan biri olan Səbuhi Əhmədovun işə yüksək peşəkarlıq və məsuliyyətlə yanaşması nəticəsində əldə olunan nailiyyətdir.
Qeyd edək ki, Səbuhi Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktorudur. Mənzil üçün müraciət edən şəxslərin həqiqətən ehtiyaclı olduğunun dürüstcəsinə araşdırılması və ailə şəraitinə uyğun şəkildə mənzillə təmin olunması məsələsinə məhz Səbuhi Əhmədovun rəhbərliyi altında Mənzil İstismar Sahəsi nəzarət edir, daha doğrusu bütün məsuliyyət departamentin üzərindədir. Peşəkar sədrin təyin etdiyi Peşəkar departament direktoru da bu öhdəliyi yüksək səviyyədə yerinə yetirir.
Ən nəhayət, şükürlər olsun ki, bu gün dövlət başçısının böyük siyasəti, qəhrəman oğullarımızın gücü ilə birləşərək, 30 ildən çoxdur ki, işğal altında olan, sinəmizdə yara, alnınızda ləkəyə çevrilən torpaqlarımızı işğaldan etdi. Artıq, demək olar iki ildir Qarabağımıza böyük qayıdış başlayıb. Məcburi köçkünlərin mərhələli şəkildə yurd-yuvalarına qayıtmalarında da komitənin gördüyü işlər danılmazdır.
Sonda isə təkrar vurğulamaq istəyirik ki, adımız həm də şüarımızdır - "DogruXeber.az"
"Düzə düz, əyriyə əyri" demək, tanrının bizə buyurduğu haqq yolumuzdur.
Bütün qurum rəhbərləri, ümumiyyətlə bütün məmurların barəsində bu cür həqiqətdən doğan təqdirəlayiq cümlələr qurmaq arzusu ilə...
DogruXeber.az