Hikkələrindən əl çəkməsələr, biryolluq məhv olacaqlar... - GƏLİŞMƏ

Kanal14.az: - Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün üç aylıq təlim-məşq toplanışı elan edib. AzadlıqRadiosunun erməni xidmətindən verilən məlumata görə, hərbi komissarlıqlar bildirişlər göndərməyə davam edir. Diqqətçəkən məqam odur ki, hökumət bununla bağlı heç bir qərar verməyib. Erməni hüquq müdafiəçiləri deyirlər ki, Müdafiə Nazirliyi təlim-məşq toplantısının keçirilməsi ilə bağlı bildiriş göndərə bilməz. İlk olaraq hökumət belə qərar verməli, sonra vətəndaşlar xəbərdar olunmalıdır. Hüquq müdafiəçiləri deyir ki, hökumət tərəfindən qərar verilməsə, ehtiyatda olanların çağırışı qanunsuzdur.
Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Moskvaya yaxın kadr hesab olunur. Ümumiyyətlə, Ermənistanda müdafiə nazirlərinin təyinatında birbaşa Rusiyanın maraqları nəzərə alınır. Arşak Karapetyan nazir kimi ilk səfərini Moskvaya etdi, Rusiya müdafiə naziri Sergey Şoyqudan qılınc hədiyyə aldı və sairə. O səbəbdən Rusiyanın nəzarətində olan müdafiə naziri aydındır ki, Paşinyandan daha çox Sergey Şoyqunun tapşırıqlarını icra edəcək. Bu baxımdan, indi hökumətdən gizli səfərbərlik xəbərləri təəccüblü deyil. Rusiya Ermənistana yeni ordu qurursa, onun ipləri də Moskvaya bağlı qalmalıdır. Bu rakursdan baxdıqda, Moskva erməni ordusunun müharibədən sonrakı qalıqlarını mobilizasiya edib hazır vəziyyətdə saxlamaqda maraqlıdır. Çünki Azərbaycan cəmiyyətində də yeni müharibə əhvalı var.
Otuz il ərzində ermənilər dırnaqarası "hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu "yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Azərbaycan 2020-ci ildə bu mifi dağıtdı, erməni ordusunu məhv etdi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Bəs Rusiya və yeni müdafiə naziri Ermənistan ordusunu çökmüş vəziyyətdən qurtara biləcəkmi? Üç aylıq təlim-məşq toplanışı kimi tədbirlərləə buna nail olunması mümkünmü?
Hərbi ekspert Ruslan İmamquliyev "Yeni Müsavat”a bildirdi ki, 30 il ərzində Ermənistan ordusuna Rusiyadan davamlı dəstək verilib. Müdafiə nazirinin kim olmasından asılı olmayaraq erməni ordusunun mümkün qədər güclənməsi üçün kənardan dəstək olub. Özü də dəstək bir dövlətdən deyil, bir sıra dövlətlər tərəfindən verilib. Bütün bunlara baxmayaraq Ermənistan ordusu 44 günlük müharibədə darmadağın edildi: "Bu cür məğlubiyyətdən sonra Ermənistanın yenidən revanş istəyinə düşməsi, bunun üçün hərbi təlim-məşq toplanışları təşkil etməsi və bu yolla yenidən ordu qurmağa cəhd göstərməsi mənasız cəhdlərdir. Ermənistan cəmiyyətinin, ehtiyatda olan hərbçilərinin ruh düşkünlüyü və ölkənin iqtisadi durumu elə acınacaqlı vəziyyətdədir ki, hansısa hərbi təlim və məşqlərlə vəziyyətdən çıxmaları mümkün deyil. Buna baxmayaraq Azərbaycan, onun ordusu rahatlığa, arxayınlığa qapılmamalıdır. Ermənistan nə qədər ağır durumda olsa belə, bütün hallarda risklər qiymətləndirilməlidir və Ali Baş Komandanımızın dediyi kimi, düşmənin ola biləcək revanşist, faşist fəaliyyətlərinə dərhal sərt cavab verilməlidir. Azərbaycan sərhədlərinə ediləcək hər bir qəsdə çox ciddi cavab verməyə, sərhədlərimizin o tərəfində antiterror əməliyyatları keçirməyə hazır olmalıyıq”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Ermənistan üçün ən uyğun variant ümumiyyətlə ordudan imtina etməkdir Belə ölkələr var ki, gücləri çatmadığına görə hərbi güc saxlamırlar. Ermənistan da ordu qurmağa və saxlamağa qadir deyil: "İndi ordu quruculuğu ilə bağlı gülünc bəyanatlarla özlərini bir daha biabır edirlər. Təzə müdafiə nazirinin ehtiyat hərbçiləri toplantıya çağırması da mənasız işdir. Nazir hökumətin qərarı olmadan addım atır, mən də varam demək istəyir. Bu, həm də onların hakimiyyət böhranından hələ də çıxmadıqlarını, vahid komandanın olmadığını göstərir. Eyni zamanda Rusiyanın da oyunları ola bilər, baş naziri nəzarətdə saxlamaq üçün müdafiə naziri və başqa məmurlardan təsir agentləri kimi istifadə etmək istəyindən irəli gəlir. Kreml müxtəlif, xüsusilə də zəif ölkələrdə bu metoddan yararlanır”. A.Nağının sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşmək istəmir ki, ordu quruculuğu milyardlarla pul və vaxt tələb edir. Bunlar isə onlarda yoxdur: "Rusiyadan hansısa silah və sursatı pulsuz və ya ucuz qiymətə silah almaqla ordu yarada bilməyəcəklər. Digər tərəfdən, erməni cəmiyyəti ruh düşkünlüyü içərisindədir, ordunu qurmaq üçün isə ən vacib şərtlərdən biri uyğun ruhun, mənəvi-psixoloji mühitin olmasıdır. İkinci Qarabağ müharibəsinə qədər yalan təbliğatla bu mühiti yaratmışdılar. Azərbaycan Ordusu onları yalnız fiziki cəhətdən deyil, mənəvi cəhətdən də məhv etdi, bütün yalanlarını darmadağın etdi. Bundan sonra onlar 100 il də keçsə özlərinə gələ bilməyəcəklər, heç vaxt orduları da olmayacaq. Erməni rəhbərləri özlərini də, cəmiyyətlərini də aldatmasınlar, reallıqla barışsınlar. Heç nəyə yaramayan ordularını buraxsınlar, Azərbaycan və Türkiyənin nəzarəti altında iqtisadi, ticari işlərlə, yəni bacardıqları işlə məşğul olsunlar. Bəlkə onda bir ağ gün görələr. Azərbaycanla silahlanma yarışına girsələr, hikkələrindən əl çəkməsələr, biryolluq məhv olacaqlar”